İş adamlarımız Çindən 50 milyon dollarla qayıdıb

15/11/2018 - 09:01 1 036 0   0  

Gələn il xarici ölkələrə 25 ixrac missiyası təşkil olunacaq

Ötən bir ay ərzində Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində hökumət tərəfindən bir sıra mühüm addımlar atılıb.

Bununla bağlı keçirilən mətbuat konfransında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, bu il ərzində ixracın təşviqi sahəsində görülən işlər nəticəsində 9 ayda qeyri-neft məhsullarının ixracı 13 faiz, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı 20 faizdən çox artıb. Ölkədə xarici ticarət fəaliyyəti ilə məşğul olanların sayı 17 min 305-ə çatıb. Bu gün Azərbaycandan xaricə 2753 adda məhsul ixrac edilir.

Son bir ayda müxtəlif ölkələrə 3 ixrac missiyası təşkil olunub. Bunlardan biri 17-18 oktyabrda baş tutan Monqolustana ixrac missiyasıdır. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 12-18 oktyabr tarixlərində Monqolustanın Ulan-bator şəhərinə reallaşan ixrac missiyasında şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkəti iştirak edib.

Oktyabrın 23-27-də isə Azərbaycanın ixrac missiyası İstanbul şəhərində olub. Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkətin təmsil olunduğu missiya çərçivəsində məhsulların Türkiyəyə ixracına dair razılaşmalar əldə olunub.

İxrac missiyasının təşkilolunduğu 3-cü ölkə Bolqarıstandır.  6-9 noyabrda baş tutan missiya zamanı iştirakçı şirkətlərin nümayəndələri Sofiyada “Interfood & Drink” sərgisini ziyarət edib, ölkənin aparıcı topdansatış və mağaza şəbəkələrində olublar. Missiyaya daxil olan Azərbaycan şirkətlərinin istehsal etdiyi nar, nar şirəsi, fındıq və digər məhsulların Bolqarıstana ixracına dair razılığa gəlinib.

Noyabrın 5-10-da Çində Birinci Beynəlxalq İdxal Sərgisi keçirilib. Azərbaycan bu sərgidə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Heyətə iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev rəhbərlik edib. 

Səfər barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları, qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər sərgi pavilyonlarında təqdim olunub. Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunub.

İqtisadiyyat naziri Ş.Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə də görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış “vahid pəncərə” sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AZPROMO və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair müqavilə imzalanıb. Görüşdə həmçinin “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 milyon ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 milyon ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.

Noyabrın 7-də Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci şərab evidir. Burada Azərbaycan şirkətlərinin  istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur. Çinin digər bölgələrində də Azərbaycan şərab və ticarət evlərinin yaradılması nəzərdə tutulur.

Səfər zamanı əldə olunan razılaşmaya əsasən, Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin “Direct İmported Goods” (“DİG”) marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb. Bundan əlavə, səfər çərçivəsində Azərbaycan məhsullarının Çin bazarında satışının artırılması məqsədilə “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonu açılıb. Burada Azərbaycan istehsalı olan müxtəlif məhsulların - şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək.

Nazir müavininin dediklərindən o da məlum oldu ki, səfər zamanı qarşılıqlı razılaşmalar əsasında Azərbaycanın meyvə şirəsi və şərab istehsalçıları Çindən 50 milyon dollarlıq sifariş alıblar.

APROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayevin dediyinə görə, gələn il Azərbaycan məhsullarının tanıdılması üçün 25 ixrac missiyası təşkil olunacaq, istehsalçıların 10 beynəlxalq sərgidə iştirakı təmin ediləcək. Bundan əlavə, 2019-cu ildə Pekində Azərbaycan ticarət evinin açılması nəzərdə tutulur.