"Adama deyərlər, şükür Allaha, əlin-qolun yerində, sağlamsan, niyə acından ölürsən ki? "

26/10/2018 - 12:14 1 468 0   0  

Suveren.az müğənni İzzət Bağırovun aznews.az-a müsahibəsini təqdim edir:

- İzzət Bağırov əvvəllər tez-tez tamaşaçı qarşısına çıxıb solo kosert verirdi. Bəs indi niyə konsertlərlə çıxış etmirsiniz?

- Yox, düzü hələ konsertə hazır deyiləm. Həm də başım filmlə bağlı çəkilişlərə qarışmışdı. Hazırda isə 4 yeni mahnı üzərində işləyirəm. Onlardan birini “Ümidləri puç olanda” filmində səsləndirmişəm. Mahnılar günün tələbatına uyğun yazılıb. “Ey yar” mahnısına klip çəkiləcək. Klipin çəkilişi rejissor Nail Naiboğluna həvalə edilib. Gələn həftə çəkilişlərə başlanılacaq.

- Son konsertiniz nə vaxt olmuşdu?

- 3 il bundan əvvəl “Yaşıl teatr”da konsert verdim. Bilirsiz, bəzən birdən-birə qərar dəyişikliyim olur. Filmdə də belə oldu. Özüm-özümə dedim ki, senari yazıb film çəkəcəyəm. Bunu həyata keçirdim. Konsertlərdən isə bol olmuşam. Ancaq bu gün Bakıda mənim istəyimə uyğun konsert sarayları yoxdur. Əvvəllər Şəhriyar adına Mədəniyyət Mərkəzi vardı. Çox rahat zalı vardı, 1100 nəfər tamaşaçı tuturdu. O zal elə bil mənim üçün tikilmişdi. Çox sevinərdim ki, bu saray yenidən konsert salonu kimi istifadəyə verilsin. Hər il martın 8-də orada konsertlər verərdim.

- Deyirsiniz ki, Bakıda mənim istəyimə uyğun konsert sarayları yoxdur. Amma bu gün Bakıda müasir standartlara uğyun kifayət qədər konsert salonları var...

- Var, əlbəttə. Amma onların öhdəsindən gəlmək olmur. Tamaşaçı yığmaq problem deyil, icarə xərcləri yüksək olur. 3 il bundan əvvəl konsert verəndə “Yaşıl teatr”ın səhnə tərtibatına 20 minə yaxın pul xərclədim. 6 gün səhnə qurduq. Səhnə, divarlar yenidən quruldu. Hər mahnı üçün yerdən işıqlar quraşdırıldı. Bunlar da elə-belə başa gəlmir. 4 ölkədən musiqiçilər gəlmişdi. 2 saat içərisində tamaşaçı bəzəkli zalı görür, amma səhnənin arxasında çəkilən xərcdən xəbərsizdir. Konsert günü iki klipin də təqdimatını etdim.

Konsertimin biletlərini 50-70 manata satdıra bilərəm. Gəlmə müğənni olsam, 150 manata bilet satıb bütün xərçini çıxara bilərəm. Yerli müənni əlçatmaz deyil – hara getsək, toyda, yasda, küçədə də bizi görürlər. İnternet, sosial şəbəkə açıqdır. Müğənni hara gedib, nə yeyib, nə geyinirsə, onu səhifəsində paylaşır. Bütün insanlar müğənnilərin həyatından, sosial durumundan xəbardardır. Mən bunun əlehinəyəm.

- Sosial şəbəkədən söz düşmüşkən, niyə virtual məkanda yoxsunuz?

- Əvvəl vardım, indi isə səhifələrimi bağlamışam. Müğənniləri həm qınamıram, həm də qınayıram. Çay içəndə, evdən çıxanda, qapını açanda, bağlayanda foto... Bu qədər də olmaz. Əvvəllər tamaşaçılar müğənniləri görmək arzusu ilə yaşayırdı. Televiziya kanallarında konsertin reklamı gedirdi. Konsertə bir həftə qalmış televiziyaya gəlib reklamları dayandırırdım. Soruşurdular ki, “konsert təxirə düşüb?” deyirdim yox, bilet qalmayıb. Reklama ehtiyac qalmayıb. Konsertimin biletləri 3 günə satılıb qurtarırdı. Çünki tamaşaçı məni konsertdən başqa heç yerdə görə bilmirdi. İndi bütün insanların həyatı bir telefonun içindədir. Dünya evimizin içindədir. Bunlar olduqca konsertlərə tamaşaçı sayı azalır. Müğənni arzulanan olmalıdır. Belə olanda, tamaşaçı konsertin biletlərinin qiymətinə fikir vermir.

- Bir neçə gün öncə televiziya kanallarının birində həmkarlarınızın “toy olmasa, batarıq” fikirinə qarşı sərt reaksiya verdiniz. Buna görə sizdən küsən-inciyən olmadı ki?

- Efirə çıxan bir neçə müğənni var, deyir ki, “toy olmasa, ölərik”. Adlarını çəkmək istəmirəm. Deyir ki, “qurban olum xalqıma, bizi yaşadırlar”, “baxın, bu geyindiyim kostyumu mənə xalq alıb” və s. Bu dərəcədə də yox da. Bunu toy “tutmaq” xatirinə deyirlər. Yəni xalq görsün ki, bu müğənni xalqla bir yerdədir... Adama deyərlər, şükür Allaha, əlin-qolun yerində, sağlamsan, niyə acından ölürsən ki? Tutaq ki, sabah səsin batdı, bəs onda necə dolanacaqsan? Gedib kənddə torpaq alaram, əkin əkib ailəmi saxlayaram. Nə bilim, maşın götürüb sürücülük edərəm. Axır ki, çörək pulumu qazanaram. “Bu xalqın pencəyidir” deyir. Bunu hansı mənada başa düşək? Kimsə pencəyini çıxardıb həmin müğənniyə verib ki, “al geyin, sənə soyuq olmasın”? Mənim dediyimi kimsə deməliydi. Bu gün xalq bir-birini dolandırır. Sən gedib əziyyət çəkib 700 nəfərlik toyda oxumusan, əvəzində də ordan aldığın pul ilə pencək almısan. Sonra da deyirsən ki, bu pencək xalqındı. Səsin batsa, kimsə sənin qapını döyməyəcək. Heç kəs deməyəcək ki, ala, bu 10 manatı, get özünə çörək al. Yenə məcbur olub işləyəcəksən.