ABŞ “S-400”lərlə bağlı Türkiyəyə xüsusi qrup göndərir

09/01/2019 - 15:23 7 222 1   0  

Yaxın həftələrdə Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini əldə etməsinin yaratdığı narahatlıqla əlaqədar ABŞ Türkiyəyə xüsusi texniki qrup göndərəcək.

Bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir açıqlama verib.

“Biz “S-400”lərin yaxınlığında “F-35” qırıcılarının yerləşdirilməsinin potensial problemlər yaradacağı ilə bağlı mütəmadi çıxışlar eşidirk. Və biz həmişə öz amerikalı həmkarlarımızı gördüyümüz tədbirlər barədə məlumatlandırmışıq. Hərçənd, bir ildən çoxdur ki, bu barədə danışmalarına baxmayaraq, onlar texniki risklərin qiymətləndirilməsi üçün indiyədək Türkiyəyə gəlməyiblər. Türkiyə tərəfi narahatlığın aradan qaldırılması üçün bir neçə dəfə amerikalı məmurları dəvət edib. Nəhayət, yaxın həftələrdə onlar komanda göndərəcəklər”, – Dəmir vurğulayıb.

Nazir bildirib ki, Türkiyə Rusiyadan aldığı “S-400”ləri digər hərbi və radiolokasiya sistemlərilə inteqrasiya etdirmədən müstəqil avadanlıq kimi istifadə edəcək.

Azvision.az-ın məlumatına görə, Dəmir digər bir vacib məsələyə də toxunaraq qeyd edib ki, Ankaranın aldığı “S-400”lərdə yalnız Türkiyənin özünün müəyyənləşdirdiyi “dost” və “düşmən”in kimliyi sistemi və proqram təminatı olacaq.

“Rusiyadan “S-400” sistemlərinin alınması o demək deyil ki, Türkiyə hava məkanının müdafiəsinin bütün tələbləri tam ödənir”, - deyə nazir əlavə edib.