"ABŞ Rusiyanı Venesueladan çıxartmaq üçün əlindən gələni edəcək" - TƏHLİL

04/02/2019 - 17:24 1 612 1   0  

Venesuelanın mərhum Prezidenti Uqo Çavesin dövründə ölkədəki ABŞ şirkətləri milliləşdirildiyindən rəsmi Vaşinqton bunun bir daha təkrarlanmamasına çalışır.

Bu barədə "Report"a Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun direktor müavini Nikolay Kalaşnikov bildirib.
“Venesueladakı ixtilafda dünya dövlətlərinin rolu arxa plandadır. Əsas qarşıdurma vaxtilə Prezident Uqo Çavesin elan etdiyi, onun ardıcılı olan Nikolas Maduronun isə bu gün davam etdirdiyi “Bolivarian inqilabı”nın tərəfdarları ilə Qərbə bağlı olan yerli biznes zümrəsi arasındadır”, - deyən ekspert vaxtilə Uqo Çavesin də, sonradan Nikolas Maduronun da öz siyasətində əhalinin kasıb təbəqələrini əsas götürdüklərini xatırladıb.
“Bu təbəqələrin güzəranını yaxşılaşdırmaq üçün xeyli işlər görülüb. Pulsuz ərzaq sovqatlarının paylanması, mənzil tikintisi, komunal ödənişlərindən azad edilmələri bu qəbildəndir. Bununla yanaşı, varlı, habelə orta siniflərin hüquqları və imkanları məhdudlaşdırılırdı ki, hazırda məhz onlar Xuan Quaydonun başçılıq etdiyi müxalifətin əsasını təşkil edərək Maduroya qarşı çıxırlar”, - N.Kalaşnikov qeyd edib.
N.Maduroya ölkədəki dəstək səviyyəsindən danışan rusiyalı ekspert ictimaiyyətin, təqribən, yarıbayarı bölündüyünü dilə gətirib: “Bəzi mütəxəssislərin fikrincə, Maduronu dəstəkləyənlər 30 faizdir, amma pərakəndə halında olan müxalifətdən fərqli olaraq daha yaxşı təşkilatlanıb, ideoloji cəhətdən də bütöbləşimiş vəziyyətdədirlər. Müxalifət isə müxtəlif qrupların liderləri arasında nüfuz mübarizəsi nəticəsində zəifləyib və parçalanıb”, - deyən rusiyalı ekspert əhalinin əksəriyyətinin Maduroya qarşı çıxdığını söyləməyə cəsarət edə bilməyəcəyini də qeyd edib.
Rusiyalı alimin fikrincə, hazırda Venesuela cəmiyyətində kövrək tarazlıq yaranıb, müəyyən bir orta zümrə qəti fikrə gəlməyərək vəziyyətə görə bu və ya başqa tərəfə meyllənə bilər.
N.Maduronun növbədənkənar parlament seçkiləri keçirmək təklifinə toxunan ekspert buna bir alternativ kimi eyni zamanda həm parlament, həm də prezident seçkiləri variantını qeyd edərək mövcud vəziyyətdə Maduronun buna gedə bilməyəcəyini qeyd edib.
Regionda ABŞ-ın nüfuzu barədə sualı cavablandıran ekspert Ağ Evin vaxtilə Uqo Çaves rejimini də ortadan qaldırmağa çalışdığını vurğulayıb:
“Çaves dövründə əslində ABŞ şirkətləri milliləşdirilirdi. Odur ki, indi ABŞ-ın bunun təkrarlanmasına yol verməməyə çalışması çox məntiqlidir”.
Rusiyanın N.Maduro hakimiyyətinə dəstəyi məsələsinə aydınlıq gətirən ekspert Venesuelada neft yataqlarını işlədən və bu ölkəyə silah satan Rusiyanın, ilk növbədə, iqtisadi mənafeyini güddüyünü diqqətə çatdırıb: “Rusiya Venesuela ilə iqtisadi-ticari əməkdaşlığından öz xoşu ilə əl çəkmək niyyətində deyil. ABŞ isə Maduronu devirib yeni hakimiyyətə təzyiq göstərərək Rusiyanı bu ölkədən sıxışdırıb çıxartmaq üçün əllərindən gələni edəcək.