ABŞ məhkəməsi öldürülən tələbəyə görə Şimali Koreyanı 500 milyon dollar məbləğində cərimələyib

25/12/2018 - 18:36 1 633 0   0  

ABŞ məhkəməsi Şimali Koreya Respublikasında həbsxana həyatı gördükdən sonra ölən Otto Vombiyer adlı tələbəyə görə Pxenyan rejiminin 500 milyon dollar məbləğində təzminat ödəməsinə qərar verib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı iddia ərizəsi Ottonun valideynləri tərəfindən bu ilin aprel ayında verilibmiş. Onlar Şimali Koreya hakimiyyətinin Ottonu girov götürərək ona qarşı işgəncələr tətbiq etdiyini və bunun oğullarının ölümünə səbəb olduğunu göstəriblər.

NBC kanalının məlumatına görə, Otto Vombiyerin ata-anası Pxenyan rejimindən 1 milyard dollar məbləğində təzminat tələb edib.

Otto Vombiyer 2016-cı ilin yanvarın 1-də Şimali Koreya hüquq-mühafizə orqanları tərəfindən Pxenyanda həbs olunub. O, Şimali Koreyanın paytaxtına 2015-ci ilin dekabrın 25-də Pekindən turist qrupunun tərkibində gedib. Həbs olunmasına səbəb isə onun həmin gün qaldığı oteldə siyasi plakatı qoparması olub.

Məhkəmədə 22 yaşlı Otto “günahını” boynuna alıb və bunu “ABŞ-ın Şimali Koreyaya qarşı həyata keçirdiyi düşmən fəaliyyətinin təsiri ilə” gerçəkləşdirdiyini deyib.

Vombiyer plakatı buna görə ona 10 min dollarlıq avtomobil vəd edən bir nəfərin xahişi ilə qopardığını söyləyib. O məhkəmədə bu hərəkətinin həyatında etdiyi ən böyük səhv olduğunu qeyd edib. Tələbənin işgəncə altında söylədiyi yeganə doğru cümlə də elə sonuncu olub.

Şimali Koreya hakimiyyəti amerikalı tələbəni yalnız 2017-ci ilin iyunun 13-də koma vəziyyətində ABŞ tərəfinə verib. Şimali koreyalıların dediyinə görə, Otto bu hala botulizm (ağır toksikinfeksion xəstəlik-red.) simptomlarının müşahidə olunduğu üçün yuxu dərmanı içərkən düşüb.

Lakin ABŞ həkimləri Otto Vombiyerdə bu xəstəliyin heç bir əlamətini aşkar etməyiblər. Lakin onun baş hissəsinin ağır şəkildə zədələndiyi və güclü beyin-kəllə travması aldığı ortaya çıxıb. Vombiyer ABŞ-a çatdırıldıqdan cəmi bir neçə gün sonra Sinsinnati şəhərində vəfat edib.

Şimali Koreya hakimiyyəti isə buna görə ABŞ prezidenti Barak Obamanı günahkar çıxarıb.