ABŞ İsraili “Hizbullah”la müharibədən çəkinməyə çağırdı – AĞ EV TƏL-ƏVİVİN TƏXRİBAT CƏHDLƏRİNDƏN NARAHATDIR

13/11/2023 - 12:15 3 954 1   1  

ABŞ İsraili Livanın “Hizbullah” qruplaşması ilə müharibədən çəkinməyə çağırıb.

Bu barədə “Axios”-a İsrail və Amerika rəsmiləri məlumat verib.

Bildirilir ki, Pentaqon rəhbəri Lloyd Ostin noyabrın 11-də telefon danışığında İsrailin müdafiə naziri Yoav Qalantı hərtərəfli müharibəyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Ostin həmçinin Qalantdan İsrailin Livana son zərbələrinin səbəblərinə aydınlıq gətirməsini istəyib.

Amerikalı mənbənin məlumatına görə, Ağ Ev Ostinə İsrailə xəbərdarlıq etməyi tapşırıb. Mənbə iddia edir ki, ABŞ administrasiyası İsrailin “Hizbullah”ı təxribata çəkmək və Livanda daha geniş müharibəyə bəhanə yaratmaq cəhdlərindən narahatdır.

Qalant Ostini əmin edib ki, İsrail Livanda ikinci cəbhə açmaq niyyətində deyil və belə bir ssenarinin mümkünlüyünə şübhə ilə yanaşır. O qeyd edib ki, “Hizbullah” hücumlarını gücləndirir və “odla oynayır”.

Keçən həftə ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn Livana səfər edib. O, burada parlamentin spikeri Nəbih Berri və digər rəsmilər vasitəsilə “Hizbullah”a İsraillə sərhəddə vəziyyəti gərginləşdirməmək üçün “xəbərdarlıq” edib.