"ABŞ İrana şərtsiz danışıqlar təklifində səmimi deyil" - EKSPERTLƏRDƏN AÇIQLAMA

04/06/2019 - 01:16 16 277 0   0  

ABŞ və İran arasında gərginlik davam edir. Bu arada okeanın o tayından yumşaldıcı mövqelərin eşidilməsinə müsəlman qonşumuzdan adekvat reaksiya verilməməsi də suallar doğurur. Bəzi müşahidəçilər isə ABŞ-ın regionda hərbi cəhətdən möhkəmləndiyi bir durumda dinc danışıqlarla bağlı bəyanatların sadəcə görüntü məqsədi güddüyünü vurğulayırlar.

 “ABŞ İranla şərtsiz danışıqlara hazırdır”. “Röyters”in məlumatına görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib. Amma dövlət katibi belə bir şərt də irəli sürüb ki, İran “özünü normal ölkə kimi aparmaq istədiyini” göstərməlidir. Pompeo iyunun 2-də İsveçrədə bu ölkənin xarici işlər naziri İqnatsio Kassis-lə görüşüb. İran ətrafında yaranmış vəziyyət, görüşün əsas mövzularından biri olub. ABŞ-la İran arasında diplomatik münasibətlər olmadığına görə Vaşinqtonun İrandakı maraqlarını İsveçrə təmsil edir. Pompeonun dedikləri, İran prezidenti Həsən Ruhaninin bu yaxınlarda verdiyi bəyanata reaksiyadır. Ruhani bu yaxınlarda deyib ki, əgər ABŞ İrana hörmətlə yanaşsa danışıqlara gedə bilərlər. Amma ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton Tehranın Yaxın Şərq regionunda “ziyanlı fəaliyyətinin” qarşısını almaq üçün ona təzyiqləri davam edəcək.

Xatırladaq ki, Vaşinqton ötən il İranla 6 aparıcı dünya ölkəsi arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxandan sonra ona qarşı iqtisadi sanksiyaları bərpa edib.  ABŞ prezidenti Donald Tramp ötən il sazişi tənqid edərkən demişdi ki, bu razılaşmada İranın raket və nüvə proqramları, habelə onun Yaxın Şərqdəki “ziyanlı fəaliyyətləri” nəzərə alınmayıb. Ardınca Hörmüz boğazı ətrafında baş verənlər isə gərginliyi xeyli artırmışdı.  ABŞ və Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri sahilində neft tankerlərinə hücumlara görə də İranı ittiham edirdi.

Keçən il ABŞ-ın dövlət katibi Maykl Pompeo İrana qarşı irəli sürülən 12 maddəlik şərtləri açıqlamışdı. Qeyd olunurdu ki, Tehran hakimiyyəti həmin tələbləri yerinə yetirəcəyi təqdirdə, sanksiyalar götürülə bilər. Şərtlərə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) əvvəlki nüvə proqramının hərbi aspektlərini tam açıqlamalı, bu istiqamətdə fəaliyyəti tamamilə dayandırmalı, uranın zənginləşdirilməsini dayandırmalı və bir daha plutoniumdan istifadə edilməməli,  AEBA-nın ölkədəki bütün nüvə təsisatlarını təftişetmə haqqını tanımalı, ballistik raket istehsalını, nüvə başlıqlı raketlərin sınağını və inkişaf etdirməyi dayandırmalı, ABŞ, müttəfiqləri və ortaqlarının saxta ittihamlarla həbs etdiyi bütün vətəndaşlarını sərbəst buraxmalı, “Hizbullah”, HƏMAS, Fələstin İslami Cihad Hərəkatı da daxil omaqla, Yaxın və Orta Şərqdəki bütün terrorçu qruplaşmalara dəstəyini dayandırmalı, İraq hökumətinin suverenliyinə hörmətlə yanaşmalı, Tehranyönümlü qruplaşmaların tərksilah edilməsi və onların yenidən inteqrasiya olunmasına icazə verməli, Yəməndə husi qiyamçılarına hərbi dəstəyi kəsməli və ölkədəki problemin sülh yolu ilə həllinə çalışmalı, Suriyadakı bütün qüvvələrini geri çəkməli,     Əfqanıstan və bölgədəki “Taliban”, həmçinin digər terrorçulara verdiyi dəstəyi dayandırmalı, “Əl-Qaidə”yə himayədarlıq etməkdən əl çəkməli, İnqilab Keşikçiləri Qvardiyasının Qüds qolu dünyadakı terrorçulara və qanunsuz silahlı ortaqlarına verdiyi dəstəyi dayandırmalı, ABŞ-ın müttəfiq olan qonşularına qarşı hədələyici davranışlarına son qoymalı, İsraili məhv etməkdən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raket atmaq iddialarından əl çəkməlidir. Bu şərtlərin ardınca ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib. Belə ki, İranın 700-dən çox şirkət və fiziki şəxsinə qarşı məhdudiyyət qoyulub. Ancaq ABŞ-ın tələblərinin heç birinə əməl olunmadığı halda, qəfildən şərtsiz danışıqlar çağırışı edilib. Tehrandan isə sərt reaksiya gəlib.

İran hakimiyyəti ABŞ Dövlət katibi May Pompeonun ilkin şərtlər olmadan danışıqlara başlamaq təklifini rədd edib. (Axar.az)  İran tərəfi ABŞ-ın etdiyi bu təklifin sadəcə “söz oyunu” xarakteri daşıdığını açıqlayıb. “İran İslam Respublikası söz oyunlarına əhəmiyyət vermir”, - İran XİN sözçüsü Abbas Musəvi Pompeonun sözlərinə qarşılıq olaraq deyib.

Vaşinqton şərtsiz danışıqlara çağırsa da, regionda hərbi gücünü artırır. ABŞ-ın İrana qarşı Yaxın Şərqə göndərdiyi “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə nüvə potensiallı 4 ədəd B-52 bombardmançı təyyarələri Bəsrə körfəzində təlimlər keçirib. Publika.az  xəbər verir ki, bu barədə “Associated Press” informasiya yayıb. Məlumata görə, hava hücumu simulyasiyalı təlimlərdə “F/A-18 Super Hornet” tipli döyüş təyyarələri, “MH-60 Sea Hawk” helikopterləri və uçuş nəzarət aparatları iştirak edib.

Qeyd edək ki, ABŞ donanmasının sözügedən qüvvələri mayın əvvəllərində körfəzə göndərilib. Bunun ardınca isə “Patriot” hava hücumundan müdafiə sistemləri və “USS Arlington” hərbi nəqliyyat gəmisi də bölgəyə yollanıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu addımın İranın ABŞ qüvvələrinə və maraqlarına qarşı hər hansı hücumun qarşısını almaq məqsədilə atıldığını açıqlayıb.

Fazil Mustafa ile ilgili görsel sonucu

Mövcud durumu şərh edən deputat Fazil Mustafa “Yeni Müsavta”a bildirib ki, qonşu ölkə ətrafında baş verənlərə laqeyd deyil: “ABŞ tərəfindən gələn təşəbbüslərin çoxu bir az çaşdırıcı xarakter daşıyır. Hərbi qüvvələrin bölgədə dislokasiyası artıq artan tempdə gedir. Ona görə də bu müddət ərzində ABŞ taktiki cəhətdən müəyyən sakitləşdirici addımlar atır. Guya alternativ variantlarda maraqlıdır. Amma bütün hallarda ABŞ-ın bu məsələdə sərt davranacağı ortadadır”. F.Mustafa paralellik də apardı: “Çin İrandan güclü bir dövlətdir. Amma ABŞ Çinlə münasibətlərdə geriçəkilməz addım atdısa, İrana qarşı daha sərt addım atmaq imkanına sahibdir. Hər halda Çinin potensialı ilə İranın potensialı eyni deyil, müqayisədə İran daha zəifdir. Sonda Çin geri çəkildi”. Bu mənada deputat yaxın zamanlarda İranın geri çəkilməsinin şahidi ola biləcəyimizi vurğuladı: “İran ideoloji dövlətdir, verilən qərarların dəyişməsi elə də asan olmur. Amma bölgəni düşünərək addım atılmalıdır. Bölgədə müharibə riskindən qaçmaq üçün ilk növbədə İran addım atmağa borcludur. Çünki müharibə olsa, Amerika torpağında olmayacaq, İran ərazisində, bölgəmizdə olacaq və bizə də onun sıçrayışı gözlənilir. Ona görə də burada yumşaldıcı variantlara ilk növbədə İran maraqlı olmalıdır, bu məsələdə çox da dərinə getməməlidir”. Bununla belə, F.Mustafa Pompeonun şərtsiz danışıqlar təklifini səmimi qəbul etmir: “Mən güman etmirəm ki, ABŞ danışıqlar məsələsindən real arzuladığı metod kimi istifadə etmək istəyir. Sadəcə danışıqlara çaşdırıcı vasitələrdən biri kimi baxılır”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Sabiq XİN başçısı, politoloq Tofiq Zülfüqarov isə bildirib ki, hərbi toqquşmanı istisna edir: “Əvvəla, mən ABŞ-İran müharibəsinin baş verməsini istəməzdim. İkincisi də müharibənin nəticələri hər iki tərəf üçün ağır ola bilər və bunu hər iki dövlət başa düşür. Amerikanın əsas məqsədi nüvə silahının qarşısını almaqdır. Bəlkə də nüvə silahı ilə bağlı diskussiya yaranıb və danışıqlar bərpa olunur. Müharibənin ağır nəticələri tərəfləri vadar edir ki, məsələni sülhlə həll etsinlər”.

ABŞ-ın bölgədə hərbi mövqelərini gücləndirmək cəhdlərinə gəldikcə, T.Zülfüqarov bunu təbii qəbul etdiyini vurğuladı: “Dünyada güc faktoru həmişə mövcudluğunu göstərir. ABŞ-ın öz istəklərinə nail olmaq baxımından bu da bir vasitədir”./Musavat.com