ABŞ-da hökumət nə vaxta qədər “bağlı” qalacaq? - TƏHLİL

27/12/2018 - 09:28 7 720 0   0  

ABŞ-da federal hökumətin strukturlarının fəaliyyətinin dayandırılması müvəqqəti xarakter daşıyır və tezliklə bərpa olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
“ABŞ-da hər ştatın öz hökuməti və büdcəsi mövcuddur və burada heç bir problem yoxdur. Ancaq ümumi federal ştatda demokratlarla respublikaçıların anlaşmaması ucbatından büdcənin təsdiq olunması gecikir. Meksika ilə sərhədə divar çəkilməsinə dair respublikaçıların öz tələbləri var. Tramp Administrasiyanın əsas istəyi Meksika ilə bağlı sərhədə tikiləcək divarın maliyyələşdirilməsinin büdcəyə daxil edilməsidir. Söhbət təqribən 5 milyard dollardan gedir. Tramp bu vəsaitin büdcəyə daxil ediləcəyi təqdirdə hökumətin yenidən açılacağını bəyan edib. Bu baxımdan da prosesin çox uzun çəkəcəyini düşünmürəm. ABŞ tarixində belə presedentlər maksimum 45-50 gün davam edib. Belə ki, federal hökumətin büdcəsi yanvarın sonuna qədər təsdiqlənəcək. Çünki həmin strukturlarda 8 minə yaxın insan çalışır və onların maaşlarının verilməsinin gecikdirilməsi yaxşı hal deyil”, - ekspert bildirib.
İqtisadçı qeyd edib ki, demokratlar çox ciddi təzyiq göstərsələr belə, ABŞ qanunvericiliyi sözügedən divarın büdcədənkənar vəsaitlər hesabına çəkilməsinə imkan verir: “Yəni Tramp başqa mənbələrdən pul toplamaqla sözügedən divarın çəkilməsini təmin edə bilər”.
Qeyd edək ki, ABŞ-da Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi barədə razılıq əldə olunmadığı üçün federal hökumətin büdcəsi qəbul edilməyib.