“ABŞ-ın beynəlxalq anti-İŞİD Koalisiyasındakı iştirakından məmnunuq” - NATO

21/12/2018 - 19:32 16 360 0   0  

NATO ABŞ-ın Suriyadakı Silahlı Qüvvələrini geri çəkməsi barədə açıqlama yayıb.

Suveren.az xəbər verir ki, açıqlamada alyansın ABŞ Prezidenti Donald Trampın qərarına hörmət etdiyi bildirilib.

NATO Suriyada hərbi qüvvəsinin olmadığını, lakin İŞİD terror təşkilatı ilə mübarizədə nəzəri və müşahidə qırıcıları ilə İraqdakı təlim missiyasına dəstək verdiyini açıqlayıb:

“ABŞ-ın Suriyadan geri çəkilmək və İŞİD-ə qarşı mübarizəni davam etdirən müttəfiqlərinə dəstəyi davam etdirəcəyi ilə bağlı qərarını nəzərə aldıq. ABŞ-ın beynəlxalq anti-İŞİD Koalisiyasındakı iştirakından məmnunuq”.

Açıqlamada müttəfiqlərin İŞİD-lə mübarizədə intensiv təmaslarda olduğu qeyd edilib.

Eyni zamanda, NATO Baş katibi Yens Stoltenberqin ABŞ-ın Suriyadan çəkilməsi qərarı ilə bağlı Dövlət katibi Mayk Pompeo ilə görüşdüyü də diqqətə çatdırılıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı Amerika hərbi qüvvələrinin çıxarılacağını açıqlayıb.

Ağ Evin mətbuat katibi Sara Sanders isə artıq qoşunların çıxarılmasına start verildiyini bildirib.

Lakin prezidentin bu addımı Konqres və Pentaqon tərəfindən etirazla qarşılanıb. Pentaqon başçısı Ceyms Mətts Trampın qərarına etiraz olaraq, istefaya gedib.