ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini erməni təcavüzü barədə məlumatlandırma kampaniyası keçirir

18/06/2020 - 14:29 5 563 1   0  

ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yollar tikintisi barədə məlumatlandırma kampaniyasına başlayıb.

Suveren.az AZƏRTAC-a istinadla xəbər verir ki, bununla əlaqədar Amerika qanunvericilərinə, Tramp administrasiyasına və kütləvi informasiya vasitələrinə müraciət göndərilib. Müraciətdə deyilir ki, Ermənistan sülh danışıqlarını pozmaqda davam edir və beynəlxalq hüququn əsas prinsiplərinə riayət etmək barədə beynəlxalq birliyin çağırışlarına etinasızlıq göstərir. Qeyd olunur ki, Paşinyan administrasiyası bu yaxınlarda Ermənistanı Azərbaycanın işğal edilmiş əraziləri ilə birləşdirən üçüncü (işğal edilmiş Laçın və Kəlbəcərə çəkilmiş yollardan sonra) yol çəkiləcəyini elan edib. Ermənistanın hakimiyyət orqanları işğal altında olan Qubadlı və Cəbrayıldan keçməklə Qafanı işğal altında olan Hadrut şəhəri ilə birləşdirmək niyyətindədirlər.

Məktubda qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazisinin beşdəbir hissəsini işğal etməsi faktı özlüyündə beynəlxalq hüququn əsas prinsiplərinin ciddi pozuntusudur. Lakin 1994-cü ildən bəri Ermənistanın qanunsuz yolla əldə etdiyi ərazilərin konsolidasiyası üçün törətdiyi əməllər müharibə dövründə və müharibədən sonra humanitar davranış baxımından beynəlxalq hüquq standartları barədə digər fundamental konvensiyalara da ziddir. 25 ildən artıq müddətdə rəsmi Yerevan diaspordan olan etnik erməniləri cəlb etmək və erməni mənşəli Suriya qaçqınlarını yerli azərbaycanlılardan təmizlənmiş torpaqlara köçürmək yolu ilə yerli azərbaycanlılardan təmizlənmiş işğal altında olan rayonları məskunlaşdırmağa çalışır.

Azərbaycanın işğal olunmuş ərazilərinə yollar çəkilməsinin bir neçə məqsədi var, o cümlədən erməni qoşunlarının Ermənistandan Azərbaycanın işğal altında olan rayonlarına köçürülməsinə kömək, münaqişə zonasına xarici turistlərin cəlb edilməsi, erməni diasporunun işğal olunmuş ərazilərdə sərmayə qoymağa stimullaşdırılması və Azərbaycanın təbii ehtiyatlarının istismar edilməsi məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskənlər salınmasının təşviq edilməsi. Müraciətdə qeyd edilir ki, bu, 1949-cu il Cenevrə Konvensiyasının 49-cu maddəsinin açıq-aşkar pozulmasıdır və beynəlxalq birlik Ermənistan rəhbərliyinə öz narazılığını bildirməlidir.

Azərbaycan icmasının üzvləri ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan ABŞ-ın hökumətinə müraciət edirlər. Yol tikintisi həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsiplərinə əsaslanan sülh danışıqlarını daha da mürəkkəbləşdirir.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin həmin ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericilikləri tərəfindən işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca başqa qətnamə qəbul edilib.