Abel Məhərrəmovun adamları aradan çıxmaq istəyirlər...

13/12/2018 - 10:07 889 0   0  

Prezidentin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov istefaya göndərildikdən sonra BDU rəhbərliyində təmsil olunan şəxslər arasında ciddi narahatçılıqlar başlayıb. Əsasən də A.Məhərrəmova yaxın olan və onun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş şəxslər “sudan quru çıxmağın” yollarını axtarırlar. 

Bu səbəbdən həmin şəxslərin bəziləri könüllü olaraq istefaya getməklə, özlərini gələcək təhlükələrdən sığortalamağa çalışırlar. Gundemxeber.az-a daxil olan məlumata görə bunlardan biri də sabiq rektorun yaxın adamı - BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlıdır. Deyilənə görə onu A.Məhərrəmovla rektor-prorektor münasibətlərindən başqa, şəxsi biznes maraqları da birləşdirirmiş. Şübhəsiz, burada əsas faktorladan biri N.Ramazanlının rektor A.Məhərrəmovla eyni bölgədən – Qərbi Azərbaycandan olmasıdır. O, 2002-ci ilin oktyabrından BDU-da işə başlayıb. 2005-ci ilin aprelinədək universitetin baş mühəndisi, həmin vaxtdan isə BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır.
Qeyd etdiyimiz kimi, Nəbi Ramazanlının BDU-nun rektoru Abel Məhərrəmovla çox yaxın münasibətləri var. O, BDU-da çalışdığı illər ərzində bir yerli kimi rektorun inamını qazandığından, hazırda demək olar ki, A.Məhərrəmovun bütün biznes şəbəkəsinə, xüsusən də tikinti və təchizat işlərinə rəhbərlik edir. Bir sözlə, o, sabiq rektorun şərab istehsalından tutmuş, bütün biznes şəbəkəsinin hər detalına bələddir.
Gundemxeber.az-a daxil olan məlumata əsasən, Abel Məhərrəmovun rektor olduğu dönəmdə Nəbi Ramazanlı ildə bir neçə dəfə BDU tərəfindən Çin Xalq Respublikasına ezamiyyətə göndərilib. Məqsəd Çindən universitet və şəxsi biznesləri üçün ucuz qiymətə mal-material gətirmək və burada paralel olaraq satışını təşkil etmək olub. Deyilənə görə A.Məhərrəmovun dəstəyi sayəsində N.Ramazanlı özü üçün də geniş biznes imkanları yaradıb. Məlumata əsasən, onun qardaşı Məhəmmədəli Ramazanov da BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri və Nanoaraşdırmalar Mərkəzinin faktiki rəhbəridir.
Yeri gəlmişkən, şahidlər deyir ki, noyabrın 15-də Abel Məhərrəmovun BDU-dan şəxsi əşyalarının daşınmasına da N.Ramazanlı rəhbərlik edib. Belə ki, bundan öncə onun göstəriş ilə universitetin əsas korpusunun birinci, ikinci və üçüncü mərtəbələrindəki bütün kameralar söndürülüb. Daha sonra A.Məhərrəmovun 18 illlik rektorluğu dönəmində aldığı hədiyyələri və digər şəxsi əşyaları öz otağından çıxarılıb.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...