Abbasova inanılmaz ittiham: - Çeçen insidentini o şişirtdi?

27/02/2019 - 11:17 2 002 0   0  

Çeçen-azərbaycanlı münaqişəsi deyilən bir şey var idi. Şəxsi zəmində olan bir məsələni Fuad Abbasov kimi işbazlar gətirib milli-münaqişə səviyyəsinə çıxardı.

Bu sözləri Axar.az-a diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili Moskvadakı “Neolit” restoranında baş verən insidentlə bağlı danışarkən deyib. O, tanınmış jurnalist, Rusiyada Azərbaycanın maraqlarını qoruyan və buna görə də tez-tez hədəfə gələn Fuad Abbasovla bağlı sosial şəbəkədə vaxtaşırı olaraq tənqidi fikirlərinə aydınlıq gətirib.
T.Allahverdili bildirib ki, F.Abbasov yaxşı insan və jurnalist olsa da, fürsətcildir:
“Mənim bu məsələyə aydınlıq gətirmək fikrim yox idi. Bunun bu qədər müzakirəyə səbəb olacağını düşünmürdüm. Çünki mən Toğrul Allahverdili olaraq Fuad Abbasov kimi insanları qeyri-ciddi, həyatda heç bir uğur qazanmamış və fürsətcil bir insan sayıram. Fuad Abbasov normal insan, yaxşı jurnalist ola bilər. Ancaq fürsətcildir.
Bir misal çəkim, bir tədbir keçirilir və ora da Fuad Abbasov bir jurnalist kimi dəvət edilir. Fuad həmin tədbiri işıqlandırır və sonra isə bildirir ki, tədbiri mən təşkil etmişdim. Bu axı hansı əxlaqa sığır?
Fuad Abbasov bizim millətin mərhəmətli olmasından istifadə edir. Fuadın Moskvada evləri də var, obyektləri də. Ancaq o, bir zamanlar gündəmə gətirdi ki, onun evini əlindən alırlar, gah dedi öldürmək istəyirlər, onu təqib edənlər var, indi də deyir ki, məni ermənilər təqib edir.
Fuad Abbasovu harada təqib ediblər, kimdir onu təqib edən? Fuad hər dəfə bunları bəhanə gətirərək Feysbuk dostlarından kömək, dəstək, pul yardımı istəyir. Təhdid olunan insan pulmu toplayar? Təhdid olunan insan Rusiya xüsusi xidmət orqanlarına müraciət edir, məktub yazır ki, həyatıma təhlükə var, bunu araşdırın, nəzarətə götürün. Yoxsa canlı yayım açıb bildirir ki, həyatıma təhlükə var, mənə maddi dəstək olun. Maddi dəstək təhlükənin qarşısınımı alır, onu mühafizəmi edir?”
T.Allahverdili bildirib ki, çeçenlərlə azərbaycanlılar arasında problemin bu səviyyəyə çatmasına səbəb də məhz Fuad Abbasov olub:
“Mənim Fuad Abbasovla heç bir şəxsi problemim yoxdur. Çünki mən onu özümə rəqib görmürəm. Deyirlər, Toğrul Allahverdili Fuad Abbasovu qəbul edə bilmir. Bu bir cəfəngiyyatdır. Mən Fuaddan 15 yaş kiçik olsam da, onun görmək istədiklərinin , arzusunda olduğu işlərin hamısını gerçəkləşdirmişəm. Mən artıq özümü isbat etmiş bir insanam. Yəni mənim Fuadla heç bir alış-verişim yoxdur. Hamı küyə gedib Fuad Abbasovu qəhrəman elan edir. Nə edib ki, Fuad Abbasov?
Özünüz bir düşünün: Fuad Abbasov nə edir, nə etmək istəyir? Bu insan mənə hələ də çatmır.
Əgər Fuad Abbasovun həyatına təhlükə varsa, həqiqətən təhdid edilirsə, mən onun yanında olmağa hazıram, bunun üçün dostlarıma da, əlaqədar qurumlara da müraciət edə bilərəm. Ancaq o həqiqətən də isbat etsin ki, onun həyatına təhlükə var”.
Qeyd edək ki, T.Allahverdilinin F.Abbasovla bağlı mövqeyi ciddi müzakirə predmetinə çevrilib.