"20 min, 60 min, 90 min maaş alan həkim də olub"- "Dərman mafiyası"nın işi

07/03/2019 - 16:14 2 551 0   0  

Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov (barəsində polis nəzarətinə verilmə qətimlan tədbiri seçilib) və Fərman Məmmədlidir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.
Məhkəmədə Gömrük hospitalının planlama və marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verib.
L.Musyafayeva söyləyib ki, işi həkimlərin fəaliyyətinə görə onlara ayrılacaq məvacibi proqrama köçürmək olub.
Belə ki, hospitalda işləyən həkimlər müxtəlif faizlər alıblar. Həkimlər öz işlərini əlyazma ilə onlara təqdim edib. Daha sonra həmin sənədlər yığılaraq Fərman Məmmədliyə verilib.
Sonuncu mərhələdə isə Gömrük Komitəsinin tibbi xidmət idarəsinin rəisi Fikrət Qədiməliyev sənədlərə imza atıb.
Suallara cavab verən L.Mustafayeva aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə aldığını deyib.
L.Mustafayeva həkimlərin nə qədər maaş alması sualına da cavab verib. Bildirib ki aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alan həkim də olub. Şahid ən çox cərrahların çəvacib qaldığını qeyd edib.
Məhkəmədə şahid qismində idarənin arxiv işçisi Nəzakət Cəlalqızı dindirilib.
O bildirib ki, gedən proseslərden ancaq Maliyyə Nazirliyinin apardığı yoxlamadan sonra xəbər tutub.
Gömrük hospitalının satınalma şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva isə ifadəsində bildirib ki, işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub.
Şahid bütün prosesləri idarə rəisi Fikrət Qədiməliyevin icazəsi ilə həyata keçirdiklərini deyib.
Məhkəmə prosesi martın 11-də davam etdiriləcək.
Xatırladaq ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.
Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.
İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.